Finlandiyada yaradılan və yemək sifarişi xidməti olan “Wolt” Azərbaycanda rəsmən fəaliyyətə başlayıb və onlayn yemək sifarişində tam yeni, müştəri yönümlü təcrübə yaratmağı qarşısına məqsəd qoyub. “Wolt” Bakıda çox populyar 23 restoran ilə işə start verib və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir.

Bəs Azərbaycan bazarına daxil olan “Wolt” nə dərəcədə uğurlu ola biləcək. Bu barədə müsahibimiz, SUP akseleratorunun proqram meneceri Tariyel Ağazadə danışacaq.

– Bildiyimiz kimi onlayn yemək sifarişi Wolt Azərbaycan bazarına daxil oldu. Sizcə Wolt Azərbaycan bazarında uğurlu ola biləcəkmi?

İlk öncə yeni saytınız – Techland.az açılmağı münasibətilə təbrik edirəm və uğurlar arzu edirəm. Düşünürəm ki, insanların texnologiya və startap mövzusunda məlumat qıtlığı var və sizin saytınız bu mövzuda hər kəs üçün faydalı olacaq.

Bəli, Wolt 2019-cu ilin əvvəlindən Azərbaycan bazarına daxil olub və artıq aktiv reklamlara başlayıblar. Azərbaycanda onlayn yemək sifarişi mədəniyyəti yüksək səviyyədə olmadığından Wolt’un işi o qədər də asan olmayacaq və qısa desək özü üçün ilk növbədə bazar yaratmalı olacaq. Yarada bilib-bilməməsini isə sadəcə zaman göstərəcək. Mənim fikrimcə şirkət tətbiq etdiyi marketinq strategiyaları ilə uğurlu olmağa daha yaxındır, çünki istifadə etdiyi strategiyalar ənənəvidən uzaqdır və viraldır.

Sizə həmin strategiyalardan bir neçəsini deyim. Wolt “referral” sistemdən istifadə edərək hər dəvət edən və cəlb olunan yeni müştəriyə ilk sifarışdə 6 AZN dəyərində endirim təqdim edir. Bu metod PayPal və Dropbox kimi məşhur startapları sürətlə yayan sistemlərdən biridir. Wolt’un digər reklam strategiyası hətta daha maraqlıdır. Şirkət motokuryerləri şəhərin əsas yerlərində skuterlərini sürərək insanlar arasında “word of mouth” yaratmağa çalışırlar. Yəni kuryerlər heç kimə heçnə daşımırlar, sadəcə şəhərdə fırlanırlar. Bu strategiya artıq nəticə də verir çünki artıq neçənci adam həm sosial şəbəkələrdə həm də gündəlik ünsiyyətdə bu haqda danışır. Düşünürəm ki, Wolt bu templə və bu viral strategiyalarla davam etsə uğurlu olacaq.

– Bundan öncə də Azərbaycan bazarına bu yemək çatdırma şirkətləri daxil olmuşdu. Ancaq hamısı uğursuz olub. Bunun səbəbi nədir?

Düz vurğulayırsınız, Wolt’dan əvvəl də yemək daşıma sahəsində Azərbaycan bazarına bir neçə xarici şirkətlər daxil olub. Ancaq bir il belə keçməmiş uğursuz olaraq geri çəkiliblər. Onlardan biri dünyaca məşhur Footpanda brendi idi. Brend 2014-2015-ci illərdə bazara daxil olmuşdu və bir ildən sonra uğursuz olaraq Azərbaycanı tərk etmişdi.

Bunu bir neçə səbəbi var ancaq ən əsasları bunlardır:

  1. Restoranların onlayn yemək sifarişlərinə hazır olmaması (infrastruktur hazır deyildi).
  2. Həmin zamanlarda onlayn alış-verişin indiki kimi məşhur olmaması.

Əlbəttə şirkətin bazardan çıxmasına başqa səbəblərdə var idi, ancaq qeyd etdiklərim təməl səbəblərdir. Bir şeyi də qeyd edim ki, hal-hazırda həm restoranlar həm də insanlar onlayn sifarişə daha açıqdırlar.

– Niyə Azərbaycan bazarında hələ də yerli və uğurlu yemək çatdırma platforması yoxdur?

Hal-hazırda bazarda kifayət qədər yemək daşıma xidmətləri var. Məsələn Nuush.az, Acqalma.az, Doydum.az (Foodex) və s. kiçik brendlər. Düzdür sadalanan bütün startapların mobil əlavəsi yoxdur (yalnız foodex’in var) ancaq ölkədə bu növ platformaların böyüməməsinin əsas səbəblərindən biri insanlarda mobil əlavə istifadəsi ənənəsinin olmamasıdır. İnsanlar ənənəvi zənglə sifarişə üstünlük verirlər və sifarişi birbaşa restoran özü qəbul edərək yerinə yetirir. Tək Əjdaha dönərin günlük sifariş sayı 700-dən çoxdur və bu hələ bazarda ən böyük göstərici deyil. Demək ki, bazarda təlabat var, ancaq insanları öyrəşdiyi sifariş növündən onlayn sifarişə gətirmək problemi hələ də qalır. Hələ son illərdə Uber, Taxify və digər xarici şirkətlərin bazara girməsi tətbiqlərdən istifadə ənənəsini insanlar arasında yaymağı bacarıb.

Son olaraq demək istəyirəm ki, Wolt’un Azərbaycan bazaranı girməsi həm istifadəçilərə həm də yerli startaplara çox yaxşı nəticələr verəcək. İstifadəçilər üçün Taxify’ın gəlişi ilə taxi xidmətlərinin ucuzlaşdığı kimi yeməkdaşıma xidmətləri də daha sərfəli olacaq. Yerli startaplar üçün isə Wolt bazar yaradacaq. Zəiflər bazardan gedəcək, güclülər isə daha çox qazanacaq.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin