Sıfırdan şirkət qurmaq əlbəttə təcrübəsiz biri üçün ən çətin işlərdən biridir və ən qorxuducu məqam isə büdcənin idarə edilməsidir. Güclü maliyyə infrastrukturunun yaradılması yeni bir işə başlamaq üçün vacib, lakin ilk başlarda təsisçilər üçün çox vaxt bir problemdir.

Bəs maliyyənin idarə edilməsi nədir? Maliyyə menecmenti biznes xərclərinin, ümumilikdə maliyyə fəaliyyətinin planlaşdırılması, təşkili, yönləndirilməsi və nəzarəti mənasına gəlir. Bir startap qurmağı düşünürsənsə, bu məqalədə daha praktiki hissələrdən danışacağıq. Elə isə ümumi maliyyə səhvlərindən qaçmağınıza kömək edəcək səkkiz ipucu:

  1. Nağd pul axınının idarə edilməsi əsas açardır.

Əksər startaplar müxtəlif səbəblərdən uğursuz olur, amma əsas səbəblərdən biri pul tükənməsidir. Sadə olaraq desək, hər bir dolların haradan gəlib hara getdiyini bilməlisiniz. Fərqi yoxdur sizin startapda maliyyə direktoru var, ya yox, büdcənizi özünüz yaradın və ona əməl edin. Əlbəttə biz sıfır büdcəylə işə başlayan çox startapı misal göstərə bilərik, amma onların da böyüyüb əjdaha şirkətlər sırasına daxil olma səbəbi büdcənin düzgün və dəqiq idarə edilməsi olub.

  1. Bütün xərcləmələri özünüz izləyin.

Yeni bir startapda anidən ortaya çıxan xərclər, əlbəttə, olacaqdır. Bir neçə şöbəni birdən açmaq yaxud tam gün üçün işçi götürmək büdcə baxımından uyğun olmaya bilər, elə buna görə startaplara məsləhət görülən mühasibat proqramlarından istifadə etməkdir.

Bu nəinki “cash flow” -nun idarə edilməsinə kömək edəcək, eyni zamanda verginin vaxtı gəlib çatdıqca hər dəfəsində bu işi daha da asanlaşdıracaq. Böyüdükcə gəlir və xərclər artdıqca iş mürəkkəbləşəcək və bu vaxt bir mühasib işə götürməyi düşünməlisiniz.

  1. Əvvəlcədən sabit xərclərinizi məhdudlaşdırın.

Bir startapın başlanğıc mərhələlərində xərclərinizi az saxlamaq şirkətin uzunömürlülüyü deməkdir. Əlbəttə, ilk başlayanda şəhərin mərkəzində mükəmməl bir ofis və yaxud üç dəfə yeməyin olması mümkün deyildir. Hər xərcdən çəkinməlisiniz ki, kapitalınızın böyük hissəsini böyüməyə ayıra biləsiniz, bu da bir gün istədiyiniz, xəyalınızda olan iş mühitini həyata keçirməyə imkan verəcək. Elə çox startapın əsas səhvlərindən biri də prioritetlərini düzgün seçməmələri olur.

  1. Optimist qalın, amma ən pisinə hazırlaşın.

Bir işə başlayanda nəyin ola biləcəyini, səni nə gözləyir bilmirsən, buna görə ən pis vəziyyətə hazırlıqlı olmaq yaxşı olar. Necə deyərlər “startapı tutuzdurana” , gəlirinizi sabitlənə qədər əsas işinizdən uzaqlaşmayın.

Ehtiyatlarınızı həm şəxsi, həm də biznesin hesabında saxlayın. Heç vaxt nəyəsə tam hazırlıqlı ola bilmirik, buna görə sahibkar kimi mütləq kiçik investisiyalarınız, bəzi sərmayələriniz olmalıdır. Kiçik də olsa əlavə gəlirin olması heç nəyin olmamağından yaxşı deyilmi?

  1. Vaxtınızın hər saniyəsində bir dəyər var.

Qısaca desək,bəli, vaxt puldur.

Heç bir şeyin sizin zamanınız qədər pul dəyəri yoxdur. Hər gün bu qədər çox şey əldə edirsiniz, buna görə də cədvəlinizi və günlük vəzifələrinizi planlaşdırarkən bunu nəzərə almalısınız. İşinizlə əlaqəli olmayan bir işi etməyə sərf etdiyiniz hər saniyə vaxt və nəticə etibariylə pul israfıdır.

  1. Müştəri cəlb etməyə fokuslanın.

Müştərilərsiz iş yoxdur, necə və hardan əldə edəcəyinizi bildikdən sonra biznes inkişaf etməyə başlayacaq. Əlbəttə, pulsuz heç nə olmadığı kimi, müştəri cəlb etmək də elə asan deyil. Bəzi kanallardan istifadə etməli olacaqsınız əlbət bu da müəyyən xərclər tələb edəcək, amma bir müddətdən sonra bunu sabitləşdirməlisiniz. Necəmi? Bəli, bütün platformaları yoxlaya bilmərik ki, bu qədər müştəri gəldi, yaxud bunu bəyənmədim keçim o birisinə. Bu həm vaxt, həm də xərc baxımından mümkünsüzdür.Ona görə ən çox gəlir gətirə bilən bir yol seçin, sonradan bütün kanalları yoxlamaq üçün maliyyə imkanınız olacaq.

  1. Öz maaşınızı ödədiyinizdən əmin olun.

Biznesə başlayanlarda bu hal çox yaşanır, işlərinə başları qarışıb, işçilərin, məhsulun xərclərini ödəməkdən unudurlar ki, öz yeməklərini belə təmin etmirlər. Bir müddət sonra rahat yaşamağın hansı mənaya gəldiyini bilmir, bu həyatın-hər gün kartof, yumurta yeməyin normal olduğunu düşünürlər. Siz belə olmayın vaxtlı vaxtında öz maaşınızı da ayırmağı unutmayın.

  1. Maliyyə məqsədlərinizi qurun.

“Milyon dollarlıq bir şirkət qurmaq istəyirəm” deməkdənsə, maliyyə hədəflərinizi əlçatan və ölçülə bilən edin. Aylıq, həftəlik və ya hətta gündəlik gəlir hədəflərinizin olmağı böyüməyə imkan verir.

Vəsaitlərin alınması, vəsaitlərin istifadəsi, mühasibat uçotu, ödənişlər, risk qiymətləndirilməsi və pulla əlaqəli hər şey bir startapın maliyyə fəaliyyətinə nəzarət etmək üçün ideal bir tətbiqdir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin