Ölkəmizin startap ekosistemi olduqca kiçik və yenidir. Bu sahənin inkişafı üçün atılan addımlar son 5-7 ildə baş tutub. Elə həmin vaxtdan bəri ekosistemin inkişafı üçün səylərini göstərən bir neçə mərkəzlər, qurumlar var. Bunlar akselerasiya mərkəzləri, biznes inkubatorlar və s. yerlərdir. Ekosistemin kiçik və yeni olmasına baxmayaraq startaplara beynəlxalq təcrübəyə əsaslanan xidmətləri təqdim edən mərkəzlər var.

Son zamanlar korporativ sektor da bu sahəyə maraq göstərir və ölkədə startap mühitinin inkişafı üçün müxtəlif addımlar atır. Bura akselerasiya mərkəzləri və banklar arasında təşkil olunan birgə proqramlar, qida sektoru və biznes inkubatorların ortaq proqramları və müxtəlif mövzulu hakatonlar aiddir.

Bu proqramları ortaq eləməyin əsas tərəfi know how-ya malik mərkəzlərdən biznes mentor, instruktor, yönətici və ümumilikdə desək mütəxəssislərin biliklərini proqram üçün istifadə edərək startaplara daha da faydalı olmaqdır. Ancaq korporativ sektorda bu cür proqramları akselerasiya və inkubasiya mərkəzləri ilə birgə yox, öz daxili işçi resursları ilə edənlər də var.

Belə şirkətlərdən biri hamımızın yaxşı tanıdığımız Azərbaycan Beynəlxalq Bankıdır.

Azərbaycan Beynəlxalq Bankı, IBA İnnovasiya Mərkəzi adlı yeni inkubasiya mərkəzini təqdim etdi. İnnovasiya mərkəzinin əsas funksiyası inkubasiya proqramıdır ki, İştirakçılar ideya mərhələsində olan startapları ilə bura müraciət edib məhsula çevrilənədək davam edəcəklər.

İlk elan olunmuş proqrama müraciət 19 iyuna qədər açıq olacaq və “Fintech” mövzulu ideyaları əhatə edəcək.

Bəs Azərbaycan Beynəlxalq Bankının bu proqramı eləməklə startap ekosisteminə təsiri necə olacaq?

Bu haqda bir neçə startap təsisçilərindən və ekosistemin fəal üzvlərindən fikir aldıq.

TOĞRUL SƏMƏDBuglance startapının təsisçisi və CEO’su

“Ekosistem terminini tez-tez istifadə edirik amma mahiyyətinə varmırıq. Ekosistem o demekdir ki, bir dovriyyə var və o dövriyyədə bütün elementlər çox önəmlidir. Zəncirin bir komponenti olmasa ekosistem dağılır. Hal-hazırda investorlar startapların azlığında şikayət edir. Səbəblərdən biri ekosistemin ilkin halqası olan inkubasiyaların azlığıdır. İnkubatorlardan çox sayda layihə çıxmalıdır ki, onların bir hissəsi növbəti mərhələyə keçə bilsin. İnkubasiya mərkəzlərinin artması müsbətdir, ancaq bu işlə nəinki banklar, həm də universitetlər məşğul olmalıdır. Ən əsası isə “olmaq” xətrinə olmamalıdır. İlk gündən pul yatırılmalıdır, şou xarakterli olmamalıdır. Azərbaycan Beynəlxalq Bankı öz brendini innovasiya ilə assosiasiya olunmasını istəyir və bu normal marketinq strategiyasıdır.”

SAMIR KƏRİMOV – İT təhsil eksperti, Pragmatech startapının təsisçisi və CEO’su

“Mən ilk dəfə elanı görəndə də monopoliyalaşma, öz ekosistemlərini yaratma istəyi gördüm və bunun uzun ömürlü olacağını heç hiss eləmirəm, çünki istənilən korporativ inkubasiya mərkəzi, digər qurumlarla ünsiyyət, əməkdaşlıq olmadan mənə bir az absurd məsələ kimi gəlir. Burada həm kadrlarını yetişdirib, həm də startap ideyalarını reallaşdırmaq heç uğurlu yanaşma deyil. Mən ora cəlb olunan eksperlərə baxdım, əksəriyyəti Azərbaycanın startap ekosistemindən xəbərsizdir, daha aydın desək təcrübəsiz şəxslərdir və bu sektora xarici təcrübəni gətirib burda tətbiq etməyə çalışmaq heç vaxt uğurlu olmaz, mənim fikrimcə, Azərbaycan ekosistemini çox yaxşı bilən biriləri olmalıdır, bəzi qurumlar olmalıdır ki, onlarla birlikdə collaborative (birgə) şəkildə işləmək olsun.”

HƏSƏN CABBAROVPaym.es startapının həmtəsisçisi

“Mən innovasiya ilə bağlı proqramı incələmişdim və müsbət tərəfdən baxsaq belə bir təşəbbüslərinin olması,əlbəttə, gözəl bir addımdır. Heç yoxdan belə olması daha yaxşıdır. Ən azından müəyyən startapları ödənişsiz ofislə təmin etsələr məhsuldar ola bilər, amma, həqiqətən, məqsəd startaplara təcrübələrini ötürərək doğru və yalnışları analiz edib sürətli böyümələrinə kömək eləməkdirsə bu təbii ki, “in house team”lə (şirkət daxili) ola bilməz. Çünki öz sahələrində bəlkə (bank sahəsi üzrə) xüsusilə Azərbaycan bazarı üçün təcrübəli mütəxəsislər ola bilərlər, ancaq “think out of the box” (qutudan kənar düşün) məsələsi fintech‘lər ümumiyyətlə gördükləri işləri, sadəcə ödənişlə əlaqəli deyil, ümümiyətlə bu məsələlər ilə bağlı qlobal təcrübə, yerli qanun vericiliklə əlaqədar dəstək ən əsas startapları bir yerə qədər böyüdüb sürətli böyüməni izləməkdir. Bundan başqa, investisiya cəlb etmə, xaricə çixartma mərhələsində bank bunu tək başına edə biləcəyini düşünmürəm. Elə bir proqressiv vəziyyət də yoxdur. Məqsəd önəmlidir, sadəcə reklam olsun deyə olunmamalıdır və yox əgər reklam xarakteri daşıyırsa bu işə yaramayacaq. Startap yetişdirmək istəyirlərsə mütəxəssis yardımı olmalıdır. Bu mərhələdə də startapın fikrinin oğurlanması deyil, daha çox dəstək verərək böyüdülməsinə çalışmaq, bir az investisiya ayırmaqla bir nəticəyə gəlmək olar. Outsource (kənardan xidmət) beynəlxalq təcrübədir. Fəaliyyətlərinin davamlılığı üçün dəstək almaları lazımdır. Xaricdə də belə təcrübələr var və bizə yaxın olan Türkiyədən misal göstərə biləcəyimiz bəzi təcrübələr- İsbank ve Teb banklarının təşəbbüskarlıq mərkəzlərini daxildən idarə edildiyi görünsə də “outsource” edilmiş təşəbbüslərdir. Bunun əsas səbəbi də bankın bu mövzuda yetişmiş kadrlarının olmamasıdır. Gördüyüm qədəriylə bizdə elə bir vəziyyət yoxdur. Yenə də bu təşəbbüs alqışa layiqdir, heç olmamasından yaxşıdır. İstərdik ki, başqa banklar da belə təşəbbüslər etsinlər. Amma bunu sadəcə ofis təmin eləmək deyil, daha professional müstəviyə yatırmaq-startapa kömək etmək, böyütmək və xaricə çıxmaqda səbəbkar olmaqdır. Bu deyilənlərə dəstək ola biləcəklərsə hədəfə çatıla bilər.”

ORXAN ƏHMƏDBON.AZ startapının həmtəsisçisi və CEO’su

“Ümumiyyətlə, ekosistemdə hər şirkətin öz inkubasiya, akselerasiya mərkəzini yaradaraq, istifadəyə verməsi normal haldır. Müsbət tərəfi odur ki, startap normal halda qanunvericilik və yaxud digər texniki səbəblərdən əlçatan olmayan xidmət və məhsullara yol taparaq, maraqlı və innovativ həllər təklif edə bilər. Məsələn, bankın təşkil etdiyi proqrama qatılaraq, bank sektoruna yeni həllər təklif edə, bank isə öz növbəsində onu müştərilərə təqdim edə bilər. Burada əsas məsələ yaradılmış yeni məhsulunu bank özü inkişaf etdirəcək yoxsa, həmin startapın öhdəsinə buraxacaq sual altındadır. Yeni həll müştəriyə bankın yeni məhsulu kimi tanıdılacaq. Çünki, bankın məhsulu kimi tanıdılanda bunu bankın yeni xidməti kimi qəbul edib ondan istifadə edəcək. Nəticədə isə həm bank, həm də startap qazanacaq.

Amma ümumi qlobal bazarda korporativ, yaxud dövlət orqanı öz daxilində inkubasiya və akselerasiya proqramı yaradanda bunun sonu həmişə uğurlu olmur, çünki bu tip startaplarla işləmək üçün xüsusi adamlara, təcrübəli şəxslərə ehtiyac olur, kimlər ki sahibkarlıq, startap düşüncəli olsunlar və istiqamət verə bilsinlər. Bank sektorunda isə işçilər korporativ yönümlü insanlar olur və baş vuran startap ideyalarını bir çox halda düzgün istiqamət vermək istəyi ilə, əslində limitləyə bilərlər. Nəticə etibariylə, bu növ proqram təşkilatçıları, ya öz proqramlarından narazı qala, ya da startaplar istədiklərini əldə etməyə bilərlər.

Məsələn, müsbət nümunə kimi Rusiyada Sberbank-ın ABŞ-ın 500 Startups ilə birlikdə akselerasiya proqramını göstərmək olar. Bütün akselerasiya mərhələsini 500 Startups öz üzərinə götürdü, bank isə lazım olan məhsulları təqdim edən startapları seçib, öz bank xidmətlərində istifadə etməyə başlayıb. Eyni praktikadan istifadə edərək, qonşu Gürcüstan da Bank of Georgia-da 500 startups ilə birlikdə öz akselerasiya proqramına başlayıb.

Əgər bir bank, yaxud bir qurum öz daxilində inkubasiya və akselerasiya mərkəzi qurursa, keyfiyyətli nəticə əldə etmək istəyirsə bura startap işini bilən şəxsləri, bu işlə məşğul olan bir qurumu cəlb etməlidir ki, nəticəsi həm bankın özü üçün, həm startap üçün faydalı olsun, əks halda  bu vaxt və külli miqdarda məbləğin itkisinə səbəb olacaq. Əlbəttə, startap düşüncəli insanlarla, bank sektorundakı şəxslər ideayaya eyni cür yanaşmayacaqlar. Burada startap ilə korporativ qurum arasında körpü rolu oynayan, ekosistemdən məlumatı və təcrübəsi olan şəxs və ya şirkətlərə ehtiyac var.”

Yuxarıda qeyd olunan yanaşmaların ortaq tərəfi o oldu ki, bankların bu tip mərkəzləri açması ekosistem üçün müsbət haldır, ancaq bunu keyfiyyətli şəkildə etmək lazımdır ki, doğurdan da “müsbət” dediyimiz nəticəni görə bilə. Brendin özünü bu sahədə reklam etməsi də normaldır, çünki mərkəzlərə müəyyən qədər maliyyə ayırır. Amma necə deyərlər “Keyfiyyət hər şeydən öndə olmalıdır”.

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin