COVID-19 xəstəliyinin yayılması qlobal iqtisadiyyat və insanların gündəlik həyatında dəyişikliklərə səbəb olmaqla əslində yeni bir dövrün başlanğıcını gətirdi. Qısa müddət ərzində əvvəlki yaşayış tərzinin formatı dəyişdi və insan-texnologiya münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Yaşından, təhsilindən, statusundan asılı olmayaraq bütün insanlar fiziki dünya içərisində rəqəmsal mühitin imkanlarından istifadəyə başladılar. Texnologiya və innovasiya, dövlət və cəmiyyətlərin pandemiyaya qarşı reaksiyasını sürətləndirərək, COVID-19 ilə mübarizədə mühüm rol oynamağa başladı. Bu mübarizədə isə şəraiti qiymətləndirərək uyğun xidmətlər təklif edən ölkələr və şirkətlər uğur qazanırlar.

Bəs bu proseslər hansı yeni innovasiyaların yaranmasına səbəb oldu?


Dronlar

Müxtəlif ölkələrdə karantin rejimi zamanı küçələri izləmək və dezinfeksiya etmək üçün istifadə olunur.İspaniyada polis vətəndaşlara koronavirus infeksiyasının qarşısının alınması barədə xəbərdarlıq etmək üçün ictimai yerlərdə dronlardan istifadə etmişdir. Çin və BƏƏ-də dronlar səkiləri və ictimai əraziləri dezinfeksiya etmək üçün istifadə olunur. Dronlar tibbi vasitələrin daşınmasında böyük rol oynayırdı. Eyni zamanda üz tanıyan pilotsuz uçuş aparatlarından vətəndaşlara evlərini tərk etməmələri və maska taxmaları barədə xəbərdarlıq vermək üçün istifadə edildi.

Küçə monitorinqi robotları

Tunisdə fəaliyyət göstərən robotlar karantin rejimi dövründə küçələrin monitorinqi üçün istifadə olunur. Robotlar yanından keçən vətəndaşlardan dövlət tərəfindən elan edilən karantin rejimi səbəbi ilə polisin evdən çıxma icazəsinin olubolmadığını yoxlamaq üçün şəxsiyyət vəsiqələrini skan etməyi xahiş edirlər.

COVID-19 hadisələrini aktiv izləmək üçün elektron bilərziklər

Bəhreyn və Cənubi Koreya ebilərziklər və tətbiqlər vasitəsilə COVID-19 xəstələrini və potensial daşıyıcıları izləyirlər. Yoluxma ehtimalı olan şəxslərin getdiyi əraziləri real vaxtda izləməklə onların təmasda olduğu insanları müəyyən edib dərhal karantin tədbirləri görülmüşdür.

Big Data və üz tanıma

Çinin SenseTime və Hanwang Technology şirkətləri tərəfindən infraqırmızı temperatur cihazları ilə təchiz edilmiş, maskalı olduqda belə insanları dəqiq tanıya biləcək süni intellektli kamera sistemi hazırlanmışdır. Əldə olunan məlumatlar real vaxtda Çində aidiyyəti təşkilatlara göndrilir.

İzləmə tətbiqi

Cənubi Koreyada virusa yoluşmuş şəxs və ərazilər barədə ictimaiyyət mobil tətbiqlər vasitəsilə məlumatlandırılır. Xəstəliyin aşkar olduğu ərazilər mobil tətbiqdə qırmızı ilə işarələnməklə insanların o ərazidə virusun olma riski barədə xəbərdarlıq edilir.

Ağıllı dəbilqə

16 metr məsafədə insanların bədən temperaturunu skan edə bilən ağıllı dəbilqə istehsalçısı olan şirkət beynəlxalq səyahətlərin yenidən açılmasına kömək edə biləcəyini bildirmişdir. Çinin KC Wearable şirkəti tərəfindən hazırlanan KC Smart Helmet, artıq Çin, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyada istifadə olunur. Burada istifadə olunan istilik görüntü kameraları bir dəqiqə ərzində 200-ə qədər şəxsin 96% dəqiqliklə görüntülənə biləcəyini göstərir. KC Wearable dəbilqə, aviaşirkətlərin önümüzdəki aylarda qarşılaşacaqları problemlərə “effektli və təsirli bir həll” təmin etdiyini söylədi.

Çatdırılma robotları

Qida çatdırılması zamanı sosial məsafəni qorumaq tövsiyə olunsa belə, COVID-19-un qida tədarükü ilə yoluxma riski hələ də davam edir, çünki simptomlar göstərməsə belə kuryer yoluxmuş ola bilər. Buna görə, ABŞ və Çində qida çatdırılması xüsusi dezinfeksiya edilmiş robotlar vasitəsilə həyata keçirilir.

Müəllif: Gülnur Əliyeva

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin